Maliyyə işlərini anlamaq üçün mühasib olmağa ehtiyac yoxdur. Lakin mühasibat haqda bir neçə vacib məqamı bilmək vacibdir.İlk olaraq maliyyə bəyannamələri bütün şirkətlərdə eyni, ümumi formatda olur. Sadəcə biznes növündən asılı olaraq, bəzi xüsusi sıra elementləri fərqlənə bilər. Ancaq bəyannamələr adətən yetərincə oxşar olur, odur ki, məhsuldarlığı asanlıqla müqayisə edə bilirsiniz. Bu cür bənzərliyin səbəbi mühasiblərin hamısının eyni qaydalara riayət etməsidir. Amerika Birləşmiş Ştatlarında bu qaydalar “Qəbul olunmuş ümumi mühasibat qaydaları” adlanır.
Ikinci növbədə GAAP iki müxtəlif mühasibat üsuluna izin verir: biri nağd hesablaşma uçotudur.O, adətən çox kiçik şirkətlər tərəfindən istifadə olunur və olduqca sadədir. Məhsul və ya xidmət üçün nağd pul gəldikdə satış olaraq, qəbz çıxarıldıqda isə məsrəf olaraq qeydə alınır. Digəri yığılan yekun uçotudur. Bu, bir az daha qəliz və daha geniş yayılmış metoddur. Şirkət nağd hesablaşma zamanı deyil, bir məhsul və ya xidmət təhvil verdikdə satışı qeyd edir (çünki müştəri
hesabı bir və ya iki ay sonra ödəyə bilər). Məsrəf də qəbz yazıldıqda deyil, borc olan zaman qeyd olunur. Bu üsulun qayəsini mühasiblərin “uyğunluq prinsipi” adlandırdığı aşağıdakı prinsip təşkil edir: hər məxarici aidiyyəti olduğu mədaxillə uyğunlaşdırmaq.
Bir nümunəyə baxaq. Tutaq ki, maral buynuzuna bənzər papaq asılqanları istehsal edən xəyali “Müştərək papaq asılqanı” şirkəti hər dəfə müştərisinə
asılqan yollayanda bunu mədaxil kimi qeydə alır.Müştəri isə pulu hələ ödəmədiyindən mədaxil şirkətin gələcəkdə alacağı nağd pulu nəzərdə tutmuş olur.
Şirkət tədarükçüyə 2000 latun qarmaq sifariş verəndə bu qarmaqların hamısı birdəfəyə məsrəf kimi qeydə alınmır, əksinə, hər dəfə satış olduqda məxaric yazılır. Yəni hər asılqana 5 latun qarmaq istifadə olunduğunu nəzərə alsaq, onda hər dəfə bir asılqan satıldıqda mühasiblər həmin 5 qarmağı məxaric kimi qeyd edirlər.
Yığılan üsuldan niyə istifadə olunur? Ona görə ki, o, sizə qazancın daha dəqiq təsvirini verir. Bir halda ki papaq asılqanı şirkətində çalışırsınız, hər asılqanın mənfəətli olub-olmadığını bilmək istəyəcəksiniz.Buna aydınlıq gətirmək üçün də borclandığınız xərcləri və hər dəfə müştəriyə mal yollayarkən əldə etdiyiniz gəliri izləməlisiniz.